İSTİFADƏÇİ QAYDALARI

“KIDFI” MMC tərəfindən

Bizim haqqımızda

"KidFi" (bundan sonra "biz") Azərbaycan Respublikasında №1405934651 ilə qeydiyyatdan keçmiş “KIDFI” MMC tərəfindən idarə olunan, mobil cihazınıza və ya komputerinizə (birlikdə "cihaz") yüklənə və quraşdırıla bilən mobil proqram təminatıdır (bundan sonra "tətbiq").  

Tətbiq haqqında 

 "KidFi" uşaq(lar)ı maliyyə, qazanc və onlardan istifadə sahəsində və tətbiqdə göstərilən vəzifələrin yerinə yetirilməsi əsasında əsas biliklərlə təmin etmək məqsədilə uşaq(lar) və valideyn(lər) (birlikdə "istifadəçi") üçün nəzərdə tutulmuş onlayn tətbiqdir. 

"KidFi" təhsil xidməti təminatçısı və ya təhsil müəssisəsi deyil. 

Tətbiqdən istifadə etməklə siz bu İstifadə Qaydalarında müəyyən edilmiş şərtlərə, həmçinin Məxfilik Siyasətimizə və tətbiqdə təklif etdiyimiz əlavə funksiyalar, məhsullar və ya xidmətləri satın aldığınız təqdirdə, sizə açıqlanan hər hansı məlumata razılıq vermiş olursunuz (bundan sonra "müqavilə"). Tətbiqdə qeydiyyatdan keçərkən və xidmətlərimizdən istifadə edərkən sizdən bu şərtləri qəbul etməyiniz xahiş olunacaq. Bu şərtlərə əməl etməyə razı deyilsinizsə, heç bir xidmətimizdən istifadə edə bilməyəcəksiniz.

Bu müqaviləyə və tətbiqə yeni funksiyalar yaratmaq və ya biznes fəaliyyətimizdə dəyişikliklər etmək, habelə milli qanunvericilikdə və beynəlxalq standartlardakı dəyişikliklərə və tələblərə uyğunluğu təmin etmək üçün vaxtaşırı düzəlişlər və ya əlavələr edilə bilər. Qarşılaşacağınız versiya ən son versiyadır və tətbiqdə "Parametrlər" bölməsində, eləcə də https://www.kidfi.co/ saytında yerləşdirilib. 

Dəyişikliklər və ya əlavələr, istifadəçinin hüquq və öhdəliklərinə təsir edən əhəmiyyətli dəyişikliklər istisna olmaqla, istifadəçiyə əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilir. Bu halda, biz sizə dəyişikliklər barədə tətbiqdə bildiriş vasitəsilə və ya qeydiyyat zamanı göstərilən telefon nömrəniz də daxil olmaqla, ağlabatan üsullarla əvvəlcədən məlumat verəcəyik. Dəyişikliklər və əlavələr qüvvəyə mindikdən sonra tətbiqdən istifadə etməyə davam etsəniz, müqavilənin yeni versiyasına razılıq vermiş hesab olunursunuz. 

Siz razılaşırsınız ki, bu müqavilə hər hansı əvvəlki razılaşmaları (bu sənəddə xüsusi olaraq müzakirə edilən hallar istisna olmaqla) əvəz edir və bu müqaviləni qəbul etməzdən əvvəl baş vermiş hər hansı hərəkət və razılaşmalar da daxil olmaqla, "KidFi" ilə bütün münasibətlərinizi tənzimləyir.  

Sizdən nə tələb olunur?

"KidFi"-da valideyn hesabı yaratmaq və tətbiqdən istifadə etmək üçün ən azı 18 yaşınız olmalıdır. Uşaqlar üçün hesablar valideynləri tərəfindən yaradılır və onların bütün fəaliyyətləri valideynləri tərəfindən idarə olunur və təsdiqlənir. Valideyn olaraq siz bəyan edir və zəmanət verirsiniz ki:

  • • Siz "KidFi" ilə məcburi qüvvəli müqavilə bağlaya bilərsiniz;
  • • Siz mövcud qanunvericiliyə uyğun olaraq tətbiqdən istifadə etməsi qadağan olunmuş şəxs deyilsiniz;
  • • Mövcud qanunvericiliyə uyğun olaraq uşaq(lar) üçün hesab yaratmaq hüququnuz var;
  • • Siz bu müqaviləyə və qüvədə olan bütün milli və beynəlxalq qanunlara və qaydalara əməl etməyə razılaşırsınız;
  • • Siz özünüz, övlad(lar)ınız, və hesab yaratmaq hüququnuz ilə bağlı həqiqi məlumatları təqdim etmisiniz.

Şəxsi məlumatlarınızdan necə istifadə edirik?

Biz təqdim etdiyiniz şəxsi məlumatlardan yalnız Məxfilik Siyasətimizə uyğun olaraq istifadə edirik. Siz "KidFi"-da qeydiyyatdan keçmək üçün istifadə etdiyiniz etimadnamələrinizin məxfiliyinin qorunmasına cavabdehsiniz və bu etimadnamələrdən istifadə etməklə baş verən bütün hərəkətlərə görə yalnız siz məsuliyyət daşıyırsınız. Kiminsə hesabınıza giriş əldə etdiyinə inanırsınızsa, bu müqavilənin "Əlaqə" bölməsi vasitəsilə dərhal bizimlə əlaqə saxlayın. Ətraflı məlumat üçün Məxfilik Siyasətimizə nəzər yetirin.

Hesabın ləğvi

Siz öz hesabınızı və/və ya övlad(lar)ınızın hesabını bizə əvvəlcədən xəbərdarlıq etmədən istənilən vaxt və səbəbdən ləğv edə bilərsiniz. "KidFi" sizin və ya uşaq(lar)ınızın bu müqaviləni pozduğunu hesab edərsə, istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən hesabınızı və ya uşaq(lar)ınızın hesabını bağlaya bilər. Hesabınız və ya uşaq(lar)ınızın hesabı ləğv edildikdə, bu müqavilə ləğv edilmiş hesab olunacaq.

Təhlükəsizlik və məsuliyyətin məhdudlaşdırılması

"KidFi" uşaqları maliyyə sahəsində biliklərlə təmin etmək üçün yaradılmışdır və "KidFi" tətbiqdə və ya ondan kənar hər hansı istifadəçinin davranışına görə məsuliyyət daşımır. Siz uşaq(lar)ınızla qarşılıqlı əlaqədə olarkən, xüsusən də uşaq(lar)ınız tərəfindən istifadə üçün kart tələb edərkən ehtiyatlı olmağa razılaşırsınız. Siz qüvvədə olan bütün milli və beynəlxalq uşaqların müdafiəsi qaydalarına əməl etməlisiniz. Uşaq(lar)ınızla qarşılıqlı əlaqəniz, onların bu tətbiqdəki təhsili, xərclər və satınalmalar üçün yalnız siz məsuliyyət daşıyırsınız.   

Valideyn(lər)in vəzifələri

"KidFi" sizi tətbiqə daxil olmaq və istifadə etmək üçün şəxsi, başqasına ötürülməyən hüquq ilə təmin edir. Bu hüquq sizə bu müqavilə ilə təmin edilmiş və icazə verilən tətbiqin üstünlüklərindən istifadə etmək üçün verilir. Beləliklə, siz aşağıdakılarla razılaşırsınız:

  • • Bizim yazılı razılığımız olmadan tətbiqdən və ya tətbiqdə olan hər hansı məzmundan kommersiya məqsədləri üçün istifadə etməmək, həmçinin "KidFi"-ın əvvəlcədən yazılı razılığı olmadan müəllif hüquqları ilə qorunan materialları, şəkilləri, əmtəə nişanlarını, ticarət adlarını və ya əqli mülkiyyətin digər növlərini, məzmun və ya tətbiq vasitəsilə əldə edilə bilən məxfi məlumatı hər hansı formada kopyalamamaq, dəyişdirməmək, ötürməmək, hər hansı bir törəmə əsər yaratmamaq, istifadə etməmək və ya çoxaltmamaq; 
  • • Məlumata daxil olmaq, çıxarmaq, indeksləşdirmək və ya məhv etmək məqsədilə tətbiqi axtarmaq üçün heç bir robot, bot və ya tətbiqdən istifadə etməmək;
  • • Tətbiqin işinə mane ola biləcək, poza biləcək və ya mənfi təsir göstərə biləcək şəkildə tətbiqdən istifadə etməmək;
  • • Virusları və ya digər zərərli kodları yükləməmək və ya tətbiqin təhlükəsizliyini digər şəkildə pozmamaq;
  • • Hər hansı şəxsi istənilən digər vebsayta yönləndirmək üçün "KidFi"-a istinad edən hər hansı vasitədən (və ya hər hansı əmtəə nişanı, ticarət adı, loqo və ya "KidFi" şüarı) istifadə etməmək; 
  • • Tətbiqin hər hansı hissəsini dəyişdirməmək, uyğunlaşdırmamaq, tərcümə etməmək, satmamaq, şifrəni açmamaq, dekompilyasiya etməmək və ya başqa şəkildə sökməmək və ya başqalarını bunlara məcbur etməmək;
  • • Bizim yazılı razılığımız olmadan "KidFi" tətbiqinin proqram interfeysindən istifadə etməmək, daxil olmamaq və ya dərc etməmək;
  • • Tətbiqi araşdırmamaq, skan etməmək və ya sınaqdan keçirməmək;
  • • Bu müqaviləni pozan hər hansı fəaliyyəti təşviq etməmək.

Bundan əlavə:

  • • Tətbiqdən bu müqavilə ilə qadağan edilmiş və ya qeyri-qanuni hər hansı məqsəd üçün istifadə etməmək;
  • • Tətbiqdən qərəzli məqsədlər üçün, xüsusilə, milli və ya beynəlxalq qanunların uşaq hüquqlarının müdafiəsi ilə bağlı bölməsinə münasibətdə istifadə etməmək;
  • • Tətbiqdən "KidFi"-a zərər vermək üçün istifadə etməmək;
  • • Vaxtaşırı yenilənən Məxfilik Siyasətimizi pozmamaq;
  • • Spam göndərməmək, pul qəsb etməmək və ya istifadəçiləri aldatmamaq;
  • • Heç kimin hüquqlarını, o cümlədən aşkarlıq, məxfilik, müəlliflik hüquqları, əmtəə nişanları və ya digər əqli mülkiyyət və ya müqavilə hüquqlarını pozan məzmun dərc etməmək;
  • • Nifrətə sövq edən, təhdidləri ehtiva edən, açıq-aşkar seksual və ya pornoqrafik, zorakılığa təhrik edən və ya qrafik və ya əsassız zorakılıq ehtiva edən hər hansı məzmun yerləşdirməmək;
  • • Hər hansı qrupa və ya şəxsə qarşı irqçilik, təəssübkeşlik, nifrət və ya hər hansı fiziki zərəri təbliğ edən məzmun yerləşdirməmək;
  • • Başqa istifadəçilərdən hər hansı məqsəd üçün parol və ya kommersiya və ya qeyri-qanuni məqsədlər üçün şəxsi məlumatı tələb etməmək və ya onun icazəsi olmadan başqa şəxsin şəxsi məlumatlarını yaymamaq;
  • • Başqa istifadəçinin hesabından istifadə etməmək, hesabı digər istifadəçilərlə paylaşmamaq və ya birdən çox hesaba sahib olmamaq;
  • • Şəxsiyyətiniz, uşaq(lar)ınızın şəxsiyyəti və uşaq(lar) üçün hesab yaratmaq hüquq qabiliyyətinizlə bağlı həqiqi olmayan məlumatlardan istifadə etməmək;
  • • Qüvvədə olan vergi qanunvericiliyini və ya çirkli pulların yuyulmasına qarşı qanunvericiliyi pozmamaq.

"KidFi" tətbiqdən qeyri-qanuni və/yaxud icazəsiz istifadəyə cavab olaraq, pozan şəxsin hesabının bağlanması da daxil olmaqla, hər hansı mövcud hüquqi tədbirləri araşdıra və görə bilər. Əgər pozuntu "KidFi" və ya onun istifadəçilərinə zərərlə nəticələnmişdirsə, "KidFi" həmçinin səlahiyyətli orqanlara məlumat vermək və dəymiş ziyanı tam şəkildə tələb etmək hüququnu özündə saxlayır.

"KidFi"-ın hüquq və vəzifələri

Hesab yaratmaqla siz "KidFi"-ı təqdim olunan məlumatları, eləcə də tətbiqdə dərc etdiyiniz, yüklədiyiniz, nümayiş etdirdiyiniz və ya başqa şəkildə əlçatan etdiyiniz (birlikdə "nəşretmə") və ya digər istifadəçilərə ötürdüyünüz məlumatları (birlikdə "məzmun") yerləşdirmək, saxlamaq, istifadə etmək, surətini çıxarmaq, nümayiş etdirmək, çoxaltmaq, uyğunlaşdırmaq, redaktə etmək, dərc etmək, dəyişdirmək və yaymaq üçün ötürülə bilən və qonorarsız hüquq ilə təmin edirsiniz. 

"KidFi" tərəfindən tətbiqdən kənar məzmun istifadəsinin qarşısını almaq üçün siz "KidFi"-a müəllif hüquqlarını pozaraq üçüncü şəxslər tərəfindən tətbiqdən götürülmüş məzmununuzun istifadəsi ilə bağlı sizin adınıza hərəkət etməyə icazə verirsiniz. Məzmununuza olan hüququmuz müvafiq qanunvericiliyə əsasən sizin hüquqlarınızla qarşılıqlı şəkildə tənzimlənir (məsələn, hər hansı məzmunun bu qanunlarla müəyyən edilmiş şəxsi məlumatları ehtiva etdiyi dərəcədə fərdi məlumatların mühafizəsi qanunları) və məhdud fəaliyyət, inkişaf, təminat və təkmilləşdirilməsi məqsədləri üçün nəzərdə tutulub. 

Hesabınızı yaratarkən təqdim etdiyiniz bütün məlumatların dəqiq və etibarlı olması ilə razılaşırsınız və sizin tətbiqdə məzmun yerləşdirmək hüququnuz var.

Siz anlayır və razılaşırsınız ki, biz tətbiqdə yerləşdirdiyiniz hər hansı məzmuna nəzarət edə və ya yoxlaya bilərik. Bu Müqaviləni pozan və ya "KidFi"-ın nüfuzuna xələl gətirə bilən hər hansı məzmunu tamamilə və ya qismən silə bilərik.

Siz bizim, filiallarımızın və üçüncü-tərəf partnyorlarımızın tətbiqdə reklam yerləşdirməyinə razılıq verirsiniz. Tətbiqimiz haqqında təklif və ya rəyləri "KidFi"-a təqdim etməklə razılaşırsınız ki, "KidFi" sizə kompensasiya ödəmədən bu cür rəylərdən hər hansı məqsəd üçün istifadə edə və paylaşa bilər.

Siz razılaşırsınız ki, "KidFi" hesab məlumatlarınıza və məzmununuza qanunla tələb olunarsa və ya vicdanla belə girişin, saxlanmanın və ya açıqlamanın ağlabatan formada zəruri olduğuna inanaraq, məsələn, (a) hüquqi prosesə riayət etmək; (b) bu müqaviləyə əməl olunmasının təmin edilməsi; (c) hər hansı məzmunun üçüncü şəxslərin hüquqlarını pozduğuna dair iddialara cavab vermək; (d) müştəri xidməti sorğularınıza cavab vermək; (e) "KidFi" və ya hər hansı digər şəxsin hüquqlarını və ya şəxsi təhlükəsizliyini qorumaq üçün daxil ola, saxlaya və açıqlaya bilər.

KidFi-da ödənişlər, abunəlik və avtomatik yenilənmələr

Siz Tətbiq vasitəsilə satın alınan xidmətlər üçün ödəniş öhdəliklərinizə əməl etməlisiniz. Abunəliyinizə tətbiq edilən təkrarlanan ödənişlər üçün razılaşırsınız ki, bizim adımızdan fəaliyyət göstərən üçüncü tərəflər (“Provayder”) bu cür ödənişləri emal etmək üçün ödəniş məlumatınızı saxlaya bilər. Provayder öz mülahizəsinə uyğun olaraq istənilən vaxt xidmətlərinin qiymətlərini dəyişmək hüququna malikdir. Siz həmçinin Provayderə bu cür üçüncü tərəf təchizatçıları vasitəsilə Tətbiq vasitəsilə etdiyiniz təkrarlanan abunə haqlarınızı emal etmək üçün faylda olan Ödəniş Metodunuzdan istifadə etməyə icazə verirsiniz. Provayder pulun geri qaytarılmasına zəmanət vermir. Siz həmçinin sifariş etdiyiniz xidmətlər üçün vaxtında müvafiq rüsumları (o cümlədən, lakin bununla məhdudlaşmadan aylıq və ya illik abunəliklər üçün dövri ödənişlər və ya tətbiq oluna biləcək hər hansı əlavə inzibati ödənişlər də daxil olmaqla) və bütün əlaqədar vergiləri ödəməyə və vaxtı keçmiş məbləğlər üçün bütün toplama xərcləri və faizlər ilə bağlı bizi kompensasiya etməyə razılıq verirsiniz.

Kredit kartı kimi istifadə etdiyiniz Ödəniş Metodu bitmə tarixinə çatarsa və ödəniş metodu məlumatlarınızı redaktə etməsəniz və ya Hesabınızı və ya müvafiq xidməti ləğv etməsəniz, siz bizə həmin ödəniş metodu ilə bağlı hesablaşmanı davam etdirməyə icazə verirsiniz və hər hansı toplanmamış məbləğlər üçün siz məsuliyyət daşıyırsınız.. Ödəniş etmək öhdəliyiniz abunəliyinizi ləğv edənə qədər abunəlik müddəti ərzində davam edir. Bütün tətbiq olunan vergilər alış zamanı bizə təqdim etdiyiniz faktura məlumatlarına əsasən hesablanır.

Avtomatik yenilənmə ilə abunəlik alsanız, siz abunəliyi ləğv edənə qədər abunə haqqı Ödəniş Metodunuzdan tutulmağa davam edəcək. İlkin abunəlik və hər hansı sonrakı abunəlik müddətindən sonra abunəliyiniz abunə olarkən razılaşdığınız qiymətə əlavə ekvivalent müddətə avtomatik olaraq yenilənəcək.

Abunəliyin avtomatik yenilənməsini istəmirsinizsə və ya abunəliyinizi dəyişdirmək və ya ləğv etmək istəyirsinizsə, hətta "KidFi" tətbiqini cihazınızdan silmiş və ya "KidFi" hesabınızı başqa şəkildə silmiş olsanız belə, üçüncü tərəf hesabınıza daxil olmalı və abunəliyinizi ləğv etməlisiniz. "KidFi" hesabınızın silinməsi və ya "KidFi" tətbiqinin cihazınızdan silinməsi abunəliyinizi ləğv etmir. Üçüncü tərəf hesabına abunəliyinizi ləğv edənə qədər "KidFi" Ödəniş Metodunuzdan debet edilmiş bütün vəsaitləri özündə saxlayacaq. Abunəliyinizi ləğv etsəniz, onu cari abunə müddətinin sonuna qədər istifadə edə biləcəksiniz və cari müddət bitdikdən sonra abunəliyiniz yenilənməyəcək.

KidFi-da əmtəə və xidmətlərin satın alınması

"KidFi" Google Pay, ApplePay  və/və ya "KidFi" tərəfindən icazə verilən digər ödəniş platformaları vasitəsilə satınalma üçün məhsul və xidmətlər təklif edə bilər (bundan sonra "tətbiqdaxili satınalma"). Tətbiqdaxili satınalma zamanı sizdən müvafiq ödəniş xidməti provayderi ilə alışı təsdiqləməyiniz və ödəniş üsulunu (kartınızdan və ya üçüncü tərəf hesabınızdan, məsələn, Google Pay və ya ApplePay-dən istifadə etməklə) (bundan sonra "ödəniş metodu") seçməyiniz tələb olunacaq. Sizdən vergi şəklində əlavə ödəniş tutula bilər.

Üçüncü-tərəf xidmətləri 

Tətbiqdə üçüncü şəxslər tərəfindən təklif olunan reklamlar və promosyonlar, həmçinin digər vebsaytlara və ya resurslara keçidlər ola bilər. "KidFi" bu cür kənar veb-saytların və ya resursların mövcudluğu və ya olmamasına görə məsuliyyət daşımır. Tətbiqimiz vasitəsilə mümkün olan üçüncü şəxslərlə qarşılıqlı əlaqədə olmaq qərarına gəlsəniz, belə bir əlaqənin şərtləri sizinlə onlar arasındakı başqa razılaşma ilə tənzimlənəcək. "KidFi" üçüncü şəxslərin şərtlərinə və ya hərəkətlərinə görə məsuliyyət daşımır.

Zəmanətlərdən imtina

Siz açıq şəkildə razılaşırsınız ki, tətbiqin istifadəsi üçün məsuliyyəti öz üzərinizə götürürsünüz və tətbiqdən yalnız öz riskinizlə istifadə edirsiniz. Biz açıq və ya nəzərdə tutulan istənilən növ, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, satıla bilənlik, müəyyən istifadə və ya məqsəd üçün uyğunluq, pozulmama, işləklik, vəziyyət, dəyər, məlumatların dəqiqliyi və sistem inteqrasiyası ilə bağlı hər hansı zəmanətdən açıq şəkildə imtina edirik. "KidFi" tətbiqin fasiləsiz, təhlükəsiz və ya səhvsiz olacağını təmsil etmir və ya zəmanət vermir, tətbiqdəki hər hansı qüsur və ya səhvlərin düzəldiləcəyinə və ya tətbiq vasitəsilə alınan hər hansı məlumatın dəqiq olacağına zəmanət vermir.

Məsuliyyətin məhdudlaşdırılması

Siz açıq şəkildə razılaşırsınız ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə icazə verilən həddə, heç bir halda “KidFi” və ya onun vəzifəli şəxsləri, işçiləri, direktorları, törəmə şirkətləri, filialları, agentləri və ya lisenziya verənləri tətbiq və ya xidmətlərdən istifadənizlə bağlı yaranan hər hansı dolayı, təsadüfi və ya digər zərərlər, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, mənfəət itkisi, məlumatların istifadəsi, işgüzar nüfuza dəyən zərərdən nəticələnən itkilər və ya digər qeyri-maddi itkilər üçün, bu cür zərərlərin müqavilə, hüquq pozuntusu, zəmanət, qanun və ya digər formaya əsaslanmasından asılı olmayaraq, məsuliyyət daşımır. Mövcud qanunvericiliklə icazə verilən həddə, hər hansı nəzərdə tutulan zəmanətlərdən imtina və ya öhdəlikləri məhdudlaşdırma, belə zəmanətin əhatə dairəsi və müddəti, habelə "KidFi"-nin məsuliyyətinin həddi belə qanunvericilik ilə icazə verilən minimum hədd olacaqdır.

Təzminat

Siz "KidFi"-ı, onun vəzifəli şəxslərini, direktorlarını, işçilərini, agentlərini, törəmə şirkətlərini, filiallarını, lisenziya verənlərini və tədarükçülərini hər hansı iddialardan, hərəkətlərdən, tələblərdən, öhdəliklərdən və hesablaşmalardan, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, bu şərtləri pozmağınız nəticəsində yaranan ağlabatan hüquqi və mühasibat haqlarından (bundan sonra "iddialar") kompensasiya etməyə, müdafiə etməyə və təhlükəsizliyini təmin etməyə açıq şəkildə razılaşırsınız. 

Tətbiq olunan qanunvericilik

Bu müqavilənin mövcudluğu və ya təfsiri ilə bağlı bütün mübahisələr, anlaşılmazlıqlar və/yaxud fikir ayrılıqları (bundan sonra "mübahisə") üçün tərəflər əvvəlcə məsələni öz aralarında sülh danışıqları yolu ilə həll etməyə çalışırlar. Mübahisə ilə bağlı tərəflər razılığa gəlmədikdə, məsələ Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir və məhkəmənin qərarı tərəflər üçün qəti və məcburi olur. Tərəflər Azərbaycan Respublikasının məhkəmələrinin səlahiyyətlərini tam qəbul edirlər. 

Digər

Bu müqavilənin hər hansı müddəasının etibarsız olduğu aşkar edilərsə, müqavilənin qalan hissəsi tam qüvvədə qalacaq. "KidFi"-ın hər hansı hüquq və ya bu müqavilənin hər hansı müddəasını həyata keçirməməsi belə hüquq və ya müddəadan imtina demək deyil. Siz razılaşırsınız ki, "KidFi" hesabınız başqasına ötürülə bilməz və hesabınız və onun məzmunu ilə bağlı bütün hüquqlarınız ölümünüzdən sonra ləğv edilir. Bu müqavilə nəticəsində heç bir agentlik, tərəfdaşlıq, birgə müəssisə, fidusiar və ya digər xüsusi münasibət və ya əmək münasibətləri yaradılmır və siz "KidFi" adından və ya onunla əlaqəli hər hansı bir şəkildə heç bir bəyanat verə bilməzsiniz.

Əlaqə

Bu müqavilə və ya digər məsələlər ilə bağlı hər hansı tövsiyə və ya sualınız olarsa, onları info@kidfi.co vasitəsilə bizə yönləndirə bilərsiniz.

 

“KIDFI” MMC

1405934651, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, 5/7, 454

Son yenilənmə: Avqust 2022